“Növbəti ildə Azərbaycanın mənzil bazarında qiymətlərin 25-30 faiz ucuzlaşması mümkündür”.
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov mənzil bazarında müşahidə olunan qiymətlərin azalması məsələsinə şərh edərkən deyib. Rəşad Həsənov hazırda Azərbaycanın daşınmaz əmlak bazarında ciddi passivliyin yarandığını bildirib: “Bu əvvəlcədən proqnazlaşdırılırdı. Hər hansı bir ölkədə iqtisadiyyat durğunluq mərhələsinə daxil olursa, ölkənin gəlirlərində və büdcə xərcləmələrində azalma baş verirsə, əhalinin gəlirləri daralır və işsizliyin səviyyəsi artırsa, lüks kateqoriyalı istehlak məhsullarına olan tələbat aşağı düşür. Bu səbəbdən də hazırda mənzil alıcılığı və mənzilə olan tələbat bazarlarda kəskin şəkildə aşağı düşüb. Azərbaycan bazarına, xüsusilə Bakı daşınmaz əmlak bazarında əsas alıcı kütləsi Rusiyada yaşayan soydaşlarımız idi. Onlar 2014-ci ilin ortalarına qədər yerli bazarlarda əsas tələb formalaşdırırdılar. Bu da qiymətlərin yüksəlməsinə, eyni zamanda bazarda dinamikanın və aktivliyin mövcudluğuna şərait yaradırdı. Amma 2014-ci ilin ikinci yarısında bu Rusiyada baş verənlər fonunda bəhs etdiyimiz kateqoriyalı insanlar bazarda artıq mənzil təklifcisinə çevrildilər. Yəni onlar artıq daşınmaz əmlak bazarında alıcı yox, satıcı qismində iştirak edirdilər. Belə ki, kütləvi şəkildə bazarlara daşınmaz əmlak çıxarılmağa başladı. Burda mənzillər, fərdi yaşayış evləri və kommersiya məqsədli obyektlərdə var. Bunun nəticəsində də bazarda təklif çoxalmağa başladı. əgər təklif çoxalırsa, qiymətlər özü-özlüyündə azalır. Hazırda baş verənlər fonunda bir çox mənzilə tələbatı olan ölkə vətəndaşlar belə artıq hərəkətə keçməkdə gözləmə mövqeyi nümayiş etdirirlər. Çünki son dövrlər yüksək pul daxil olmaları hesabına bazarlarda suni qiymətlər formalaşıb. Yəni bəzən buna balon qiymətlər də deyirlər.
Faktiki olaraq Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərlə ölkə əhalisinin gəlirləri arasında çox ciddi ziddiyyətlər meydana gəlib. Bu ziddiyyətlərində əziyyətini Azərbaycan vətəndaşı çəkirdi. Hazırda bu şişmiş balon qiymətlərin partlama ehtimalı yaranıb. Daha doğrusu mənzillərin qiymətinin real tələblər əsasında formalaşması ehtimalı artır. Belə olduğu təqdirdə də mənzil almaq istəyən vətəndaşlar gözləmə mövqeyi nümayiş etdirilər ki, hər hansı itki ilə üzləşməsinlər”.
iqtisadçı qeyd edib ki, uzun müddət dəfələrlə mənzillərin qiymətlərinin azaldılmasına baxmayaraq, satılmayan mənzillər var: “Daşınmaz əmlak bazarında əsas alğı-satqı vasitəsi ABş dollarıdır. Onun növbəti dövrlərdə qiymət məcəlləsinin Azərbaycan manatına nisbətən yüksəlməsi gözlənilir. Hansısa devalvasiya riskləri hələ də qalmaqdadır. əgər bu risk qalırsa, vətəndaşlar əllərində olan dollarla olan yığımları növbəti dövr üçün daha da dəyərli olacaq. Dollarla ifadə də mənzillərin qiymətinin növbəti dövrlərdə daha da ucuzlaşması ehtimalı vardır.
Hazırda Azərbaycan daşınmaz əmlak bazarında ciddi passivlik yaranıb. Hətta uzun müddət mənzillər dəfələrlə qiymətlərinin azaldılmasına baxmayaraq satılmayan mənzillər var. Belə bir şəraitdə də qiymətlərin ucuzlaşması təbidir. Nəzərə alsaq ki, xüsusilə 2016-ci il üçün vəziyyət bu illə müqayisədə iqtisadi vəziyyət və əhalinin gəlirləri baxımdan daha da çətin olacaq. Belə olan halda 2016-ci ildə, yəni növbəti dövrlər üçün qiymətlərin ucuzlaşması trendi davam etməkdə olacaq.
Bir çox hesablamalar onu göstərir ki, əslində çoxmərtəbəli mənzilin bir kvadratının tikinti xərcləri istifadə olunan materialların keyfiyyətindən asılı olaraq 180-250 manat arasında dəyişir. Amma bazarlara bu mənzillərin kvadratı 600, 700, 1000 və 2000 manatlarla təqdim olunurdu. Burda çox ziddiyyətli məqamlar var. Tikinti şirkətləri fəaliyyət göstərmək üçün kifayət qədər artıq lisenziyalar və icazələr alırdılar. Bunların hər biri də qeyri-rəsmi olaraq çox ciddi bir əlavə ödənişlər yaradırdı. Bu zaman tikinti şirkətlərin qeyri-rəsmi xərcləri kifayət qədər artırdı. Bu xərclərdə mənzilin maya dəyərinin üzərinə gəlirdi. Amma lisenziyaların verilməsi qaydasında edilən dəyişikliklər onu deməyə əsas verir ki, növbəti dövrlərdə böyük ehtimalla bu sahədə artıq rüşvətxorluq, qeyri-rəsmi ödənişlər və bu kimi hallar mümkün qədər aradan qalxacaq. əvvəlki illərə nisbətən daha yaxşı olacaq. Bu isə tikinti şirkətlərinin qeyri-rəsmi xərclərinin azalmasına, o cümlədən də mənzillərin maya dəyərinin ucuzlaşmasına gətirəcək. Belə olan halda şirkətlər bazardakı passivliyi və əhalinin gəlirlərinin azalması fonunda şirkətlər məcburdurlar ki, növbəti dövrlər üçün qiyməti endirsinlər. Təxminən hazırki vəziyyətdən fərqlim olaraq gələcəkdə 25-30 faiz arası ucuzlaşma mümkündür”.
Sevinc Yasinqızı
http://www.aznews.az/index.php?c=news&id=93467